PARTNYORLAR ÜÇÜN İSTİFADƏ QAYDALARI
Bu Partnyorlar üçün İstifadə Qaydaları (bundan sonra “Qaydalar”) Proqram Təminatının və BakuPay tərəfindən ona təhvil verilən Cihazların Partnyorlar (bundan sonra “Siz” və ya “Partnyor”) tərəfindən istifadə edilməsini tənzimləyir və Əməkdaşlıq, Proqram Təminatı Xidmət Modeli və Lisenziya Müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla Partnyorlar üçün məcburi hüquqi qüvvə daşıyır.
Xahiş edirik, Proqram Təminatından istifadə etməzdən və Satış Nöqtənizi qeydiyyatdan keçirməzdən əvvəl bu Qaydaları diqqətlə oxuyun. Nəzərə alın ki, bu Qaydaları münasibətdə “razıyam” düyməsini sıxdığınız andan etibarən bu Qaydaları qəbul etmiş olursunuz və bu Qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə Sizin üçün məcburi hüquqi qüvvə daşıyan müqavilə hesab edilir.
Həmçinin, hər bir halda, Partnyor Hesabını açmağınız bu Qaydaları qəbul etdiyinizi təsdiq edən hüquqi faktdır.
Payonix.com veb-saytı, Proqram Təminatı, onların məzmunu, habelə BakuPay tərəfindən Partnyora təhvil verilən Cihaz BakuPay-in mülkiyyətində qalır.
Bu Qaydalarda böyük hərflərlə qeyd olunmuş söz və ifadələr aşağıdakı mənaları verir:
BAKUPAY dedikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, Proqram Təminatı, payonix.com veb-saytı və onun tərəfindən Partnyora təhvil verilən Cihazlar üzərində bütün mülkiyyət və əqli mülkiyyət hüquqlarının sahibi olan və Sizinlə Müqaviləni imzalayan “BakuPay” Məhdud Məsuliyyətli Cəmiyyəti başa düşülür.
PROQRAM TƏMİNATI dedikdə BakuPay tərəfindən hazırlanan, obyekt və mənbə kodları da daxil olmaqla bütövlükdə BakuPay-ə məxsus olan, Partnyor və Müştərilər tərəfindən payonix.com ünvanından yüklənən, Partnyora Satış Nöqtəsini qeydiyyatdan keçirməyə, Müştərilərə isə Satış Nöqtəsində təqdim edilən xidmətləri və ya malları əldə edərkən ödənişləri yerinə yetirməyə imkan yaradan bulud texnologiyası üzrə proqram təminatı başa düşülür.
MÜQAVİLƏ Partnyorla BakuPay arasında bağlanmış Əməkdaşlıq, Proqram Təminatı Xidmət Modeli və Lisenziya Müqaviləsi başa düşülür. Bu Qaydalar Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
MÜŞTƏRİ dedikdə Proqram Təminatına istifadəçi hesabı yaradaraq qoşulmuş, Satış Nöqtəsində təqdim olunan xidmətləri və ya malları əldə edərkən ödənişi Proqram Təminatı vasitəsilə QR Kodu Cihaza oxutmaqla həyata keçirən hər hansı müştəri başa düşülür.
QR KOD dedikdə Müştəri tərəfindən Satış Nöqtəsində ödəniş edilərkən Proqram Təminatı vasitəsilə Cihaza oxudulan, qara və ağ kvadratlardan ibarət olan, Satış Nöqtəsində müvafiq qaydada yerləşdirilmiş, maşınla oxunan kod başa düşülür.
SATIŞ NÖQTƏSİ dedikdə Partnyorun sərəncamında olan, Partnyorun Müqavilədə və bu Qaydalarda nəzərdə tutulan öhdəliklərini həyata keçirdiyi xidmət göstərilən və ya mal satılan hər hansı ticarət və ya ictimai iaşə obyekti başa düşülür
CİHAZ dedikdə Müştəri və ya Partnyor tərəfindən Proqram Təminatı yüklənilən, Müştəriyə Satış Nöqtəsində ödəniş edərkən QR Kodu oxumağa və Proqram Təminatında yaratdığı istifadəçi hesabını idarə etməyə, Partnyora isə Partnyor Hesabını idarə etməyə və Hesabatı görməyə imkan yaradan mobil telefon, planşet və s. kimi hər hansı texniki vasitə başa düşülür.
HESABAT dedikdə Proqram Təminatı vasitəsilə dərc edilən, Partnyorun Satış Nöqtəsində müvafiq dövr ərzində Müştərinin xidmət və ya mal əldə edərkən Proqram Təminatından istifadə etməklə həyata keçirdiyi əməliyyatların siyahısını və dəyərini göstərən məlumat başa düşülür.
REAL MANAT dedikdə Müştərinin Proqram Təminatındakı istifadəçi hesabına elektron kart və ya ödəniş terminalları vasitəsilə köçürdüyü, Müştərinin yalnız Partnyorların təqdim etdiyi mal və ya xidmətləri əldə edərkən Proqram Təminatı vasitəsilə ödəniş vasitəsi kimi istifadə etdiyi şərti pullar başa düşülür.
BONUS MANAT dedikdə Müştərinin Partnyorların təqdim etdiyi xidmətləri və ya malları əldə edərkən Proqram Təminatından ödəniş vasitəsi kimi istifadə etdiyi hallarda, Partnyorların etdiyi Keşbeklər hesabına onun Proqram Təminatındakı istifadəçi hesabında toplanan və yalnız Partnyorların təqdim etdiyi xidmətləri və ya malları əldə edərkən Proqram Təminatı vasitəsilə ödəniş vasitəsi kimi istifadə edə bildiyi şərti bonus pullar başa düşülür.
KEŞBEK dedikdə Müştərilərin Satış Nöqtəsində xidmət və ya mal əldə edərkən Proqram Təminatı vasitəsilə ödəniş etdikləri zaman Partnyorun həmin mal və ya xidmətlər üzrə əməliyyatın adi qaydada olan qiymətinə (həmçinin Partnyorun bu Müqavilədən kənar etdiyi hər hansı aksiya və ya kampaniya nəticəsində) bu Müqavilədə nəzərdə tutulan şərtlərlə sabit hesablanmış və Bonus Manat kimi ödənilmiş güzəştlər başa düşülür.
PARTNYOR HESABI dedikdə Partnyorun Müqaviləyə və bu Qaydalara müvafiq olaraq, Partnyorun Proqram Təminatında partnyor kimi qeydiyyatdan keçdikdən sonra ona təqdim edilən, özünün seçdiyi şifrə ilə mühafizə edilən və Partnyor və Müştərilər arasındakı əməliyyatların BakuPay tərəfindən aparılan qeydiyyatını görməyə imkan verən virtual hesab başa düşülür.
Partnyor Müqaviləni imzaladıqdan sonra Proqram Təminatını Cihaza yükləməli (BakuPay tərəfindən Partnyora verilən Cihazlara Proqram Təminatı BakuPay tərəfindən yüklənilir) və “Qeydiyyatdan keç” düyməsini sıxaraq Proqram Təminatında Partnyor Hesabı yaratmalıdır.
DÜYMƏNİ SIXDIQDAN SONRA, ƏGƏR SİZ BU QAYDALARDA NƏZƏRDƏ TUTULAN ŞƏRTLƏRLƏ RAZISINIZSA, PROQRAM TƏMİNATI VASİTƏSİLƏ “BU QAYDALARDA NƏZƏRDƏ TUTULAN ŞƏRTLƏRLƏ RAZISINIZMI?” SUALINA “RAZIYAM” DÜYMƏSİNİ SIXMAQLA CAVAB VERMƏLİSİNİZ. NƏZƏRƏ ALIN Kİ, YUXARIDA GÖSTƏRİLƏN QAYDADA “RAZIYAM” DÜYMƏSİNİ SIXMAĞINIZ BU QAYDALARI QƏBUL ETMƏYİNİZ OLARAQ HESAB EDİLƏCƏK. BU HALDA PROQRAM TƏMİNATI SİZƏ PARTNYOR HESABININ YARADILMASI ÜÇÜN MÜVAFİQ ADDIMLARIN ATILMASI ÜÇÜN İMKAN VERƏCƏK. HƏMİN ANDAN ETİBARƏN BU QAYDALARIN ŞƏRTLƏRİ SİZİN ÜÇÜN MƏCBURİ HÜQUQİ QÜVVƏ DAŞIYACAQ.
Digər tərəfdən, nəzərə alın ki, yuxarıda göstərilən qaydada “xeyr” düyməsini sıxmağınız Sizin bu Qaydaların şərtlərini qəbul etmədiyinizi göstərir və bu halda, Partnyor Hesabının açılması üzrə qeydiyyatı tamamlamağınız üçün Sizə yeni pəncərə açılmayacaq.
Qaydaları müvafiq qaydada qəbul etdikdən sonra Proqram Təminatı tərəfindən Sizin üçün yeni açılan pəncərədə Sizdən sorğu edilən məlumatları müvafiq qaydada yazmalısınız. Daxil etməli olduğunuz məlumatlar həm özünüz, həm də Satış Nöqtəniz haqqında ola bilər. Nəzərə almalısınız ki, BakuPay tərəfindən bu Qaydaları və Proqram Təminatının funksionallığı və spesifikasiyaları vaxtaşırı olaraq dəyişdiyi kimi, həmin tələb edilən məlumatlar da dəyişə bilər. BakuPay Sizdən tələb edilən məlumatların mühafizəsinə Müqavilədə nəzərdə tutulan qaydalarla, Proqram Təminatında və BakuPay-in payonix.com ünvanında dərc edilən Məxfilik Siyasətində zəmanət verir.
Məlumatları müvafiq xanalara doldurduqdan sonra Partnyor Hesabının açılması üçün qeydiyyat sorğusunun göndərilməsi məqsədilə “göndər” düyməsini sıxmalısınız. Nəzərə alın ki, təqdim etdiyiniz məlumatların düzgünlüyünə və tamlığına görə bütün məsuliyyəti özünüz daşıyırsınız.
Yuxarıda göstərilən qaydada “göndər” düyməsini sıxdıqdan sonra daxil etdiyiniz məlumatlarınız Sizin və Satış Nöqtənizin uyğunluğunun yoxlanılması məqsədilə Proqram Təminatı vasitəsilə BakuPay-ə ötürülür. Həmin məlumatları yoxlayaraq BakuPay öz mülahizəsinə uyğun olaraq 10 (on) iş günü ərzində Sizin və Satış Nöqtənizin uyğun olub-olmadığını müəyyən edir. Bu mərhələdə BakuPay Sizdən əlavə məlumatları təqdim etməyinizi tələb edə bilər.
BakuPay Sizin və Satış Nöqtənizin uyğun olduğuna qərar verdikdə bu barədə Sizin göndərdiyiniz məlumatlarda qeyd etdiyiniz elektron poçt ünvanınıza təsdiq linki göndərir. Həmin təsdiq linkinə daxil olaraq Partnyor Hesabının qeydiyyatını tamamlamalısınız.
Hər bir halda, bununla məhdudlaşmamaq şərtilə, Partnyor Hesabınızın qeydiyyatını tamamlamağınız Sizin bu Qaydaları qəbul etməyinizi təsdiq edir.
Partnyor Hesabınızın qeydiyyatını tamamladıqdan sonra Proqram Təminatı Sizə məxsus olan, Proqram Təminatında Partnyor Hesabına daxil olmağınız, habelə Partnyor Hesabınızı idarə etməyiniz üçün istifadəçi adı və şifrə təqdim edir. İstifadəçi adınız Satış Nöqtənizin adına müvafiq olaraq müəyyən edilir və sonrakı dövrlərdə əmtəə nişanı və ya marka dəyişikliyi, habelə Satış Nöqtənizin adında digər hər hansı dəyişiklik olması halları istisna olmaqla, Sizin tərəfinizdən dəyişdirilə bilməz. Şifrəniz isə öz mülahizənizə uyğun olaraq Proqram Təminatında sorğu göndərməyiniz şərtilə dəyişdirilə bilər.
BakuPay tərəfindən bu Qaydalara onun öz mülahizəsinə uyğun olaraq dəyişikliklər edilə bilər. Dəyişikliyin edilməsindən sonrakı 3 (üç) gün ərzində BakuPay bu barədə Proqram Təminatı vasitəsilə Partnyora məlumat verməlidir.
Müştərilər Partnyorun Satış Nöqtəsində Partnyorun təqdim etdiyi xidmətləri və ya malları əldə edərkən Partnyor (onun əməkdaşları) Müştəriyə ödənişləri Proqram Təminatı vasitəsilə yerinə yetirməyi təklif edir. Müştəri Proqram Təminatı vasitəsilə ödənişi QR Kodu Cihaza oxutmaqla həyata keçirir və bu zaman Proqram Təminatı vasitəsilə Müştəriyə məxsus Real Manatlardan və ya Müqavilədə və Qaydalarda nəzərdə tutulan hallarda Bonus Manatlardan müvafiq həcmdə məbləğ avtomatik olaraq Partnyorun xeyrinə silinir.
Partnyor Müştərilərə Satış Nöqtəsində təqdim edilən malları və ya xidmətləri satarkən, əgər Müştərilər həmin mal və ya xidmətlər üçün ödənişləri Proqram Təminatı vasitəsilə yuxarıda göstərilən qaydada həyata keçirirsə, Partnyor həmin Müştərilərə BakuPay və Partnyor arasında bağlanmış Müqavilədə nəzərdə tutulan faiz dərəcəsində Keşbek hesablanması üçün güzəşt edir. Keşbeklər hesabına Müştərinin Proqram Təminatındakı istifadəçi hesabında müvafiq həcmdə Bonus Manatlar hesablanır. Bonus Manatların dəyərinə bərabər olaraq Müştərinin BakuPay-ə qarşı tələb hüququ yaranır.
Müştərilər Bonus Manatlar üzrə tələb hüquqlarını yalnız yuxarıda göstərilən qaydada Satış Nöqtəsindən və ya BakuPay-in digər partnyorlarının satış nöqtələrində mal və ya xidmət əldə edərkən həyata keçirə bilərlər.
Partnyor Müştərilərə onların Real Manatları və ya Bonus Manatları qarşılığında Proqram Təminatı vasitəsilə xidmət göstərməkdən və ya mal satmaqdan imtina edə bilməz. Bundan əvvəlki cümlədə nəzərdə tutulan şərtin pozulması nəticəsində BakuPay ona dəyən bütün zərərlərin 3 (üç) misli həcmində məbləği Partnyordan tələb edə bilər.
Partnyor anlayır və təsdiq edir ki, onun tərəfindən Müştərilərə Real Manatlar və ya Bonus Manatlar qarşılığında mal satılmaması və ya xidmət göstərilməməsi Müqavilənin və Qaydaların əhəmiyyətli dərəcədə pozulması hesab edilir.
BakuPay Müştəri tərəfindən Satış Nöqtəsində xidmətlərin və ya malların əldə edilməsi üzrə yerinə yetirilən əməliyyatların və bağlanılan əqdlərin dəqiqliyinə, etibarsızlığına görə və ya bu əməliyyatlarla bağlı olaraq əmələ gələn hər hansı tələb üzrə məsuliyyət daşımır. BakuPay-in öhdəliklərinə yalnız Müştəri tərəfindən verilən Satış Nöqtəsində Partnyorun təqdim etdiyi xidmətlərin və ya malların əldə edilməsi üzrə yerinə yetirilən əməliyyatlar üzrə edilən ödənişlərin həyata keçirilməsinə şərait yaratmaq daxildir.
Partnyor ödənişləri Proqram Təminatı vasitəsilə həyata keçirmək istəyən Müştəriyə Cihazın QR Kodu oxuya bilməsi üçün tam şərait yaratmalıdır.
Nəzərə alın ki, ağlabatan səbəblər istisna olmaqla, hər hansı səbəbə görə ödənişləri Proqram Təminatı vasitəsilə həyata keçirmək istəyən Müştəriyə Cihazın QR Kodu oxuya bilməsi üçün şərait yaratmaması və ya bundan imtina etməsi nəticəsində BakuPay ona dəyən bütün zərərlərin 3 (üç) misli həcmində məbləği Partnyordan tələb edə bilər.
Müqavilədə və bu Qaydalarda Satış Nöqtəsində mal və ya xidmət təqdim edərkən Partnyor BakuPay-in işgüzar nüfuzuna birbaşa və ya dolayı yolla təsir edə biləcək hər hansı hərəkətdən çəkinməlidir.
Müqavilənin qüvvəyə minməsindən etibarən 5 (beş) gün ərzində BakuPay Proqram Təminatını köçürərək Cihazları istifadəyə yararlı şəkildə Partnyorun istifadəsinə təqdim edir. Təqdim edilən Cihazların sayı Satış Nöqtələrindən asılı olaraq BakuPay və Partnyor arasında razılaşdırılır. BakuPay tərəfindən Partnyora verilən Cihaza Proqram Təminatı BakuPay tərəfindən köçürülür, lakin Partnyor Hesabını Partnyor özü açır.
Cihaza onun bütün avadanlıqları və operativ şəkildə istifadə edilməsi üçün lazım olan digər əşyalar, habelə əgər varsa, istifadə qaydalarını özündə əks etdirən sənədlər də daxildir.
BakuPay-in Partnyora təhvil verdiyi Cihazlar BakuPay-in mülkiyyətində qalır və Müqaviləyə xitam verildiyi halda BakuPay-ə qaytarılmalıdır. Partnyor (onun əməkdaşları) BakuPay-in ona təhvil verdiyi Cihazlar ilə ehtiyatlı davranmalı, onu yalnız öz təyinatı üzrə istifadə etməlidir. BakuPay-in Partnyora təhvil verdiyi Cihazların Partnyorun (onun əməkdaşlarınnı) qəsdi və ya kobud ehtiyatsızlığı nəticəsində zədələnməsinə görə Partnyor tam maddi məsuliyyət daşıyır.
Partnyor heç bir halda bu Proqram Təminatını çirkli pulların yuyulması, vergidən yayınma və terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə etməyəcək, habelə müvafiq qanunvericilik aktlarına riayət edəcək.
Proqram Təminatın istifadəsində və bu Qaydalar çirkin pulların yuyulması, vergidən yayınma və terrorçuluğa dəstəyə dair mövcud olan qanunlar və təcrübələr tətbiq olunacaq. Həmin aktlara xüsusi olaraq cinayət məcəlləsi və əlaqəli qanunlar, mütəxəssislərə tətbiq olunan qaydalar və BakuPay-in təsis olunduğu ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr tətbiq olunur.
Müvafiq qanunvericiliyə əsasən BakuPay Partnyor tərəfindən Proqram Təminatın çirkli pulların yuyulması, vergidən yayınma və terrorçuluğun dəstək üçün istifadə etməsini bilsə, ehtimal etsə və ya onun hər hansı bir əsaslı şübhələri olarsa, o, bu barədə müvafiq dövlət orqanlarına məlumat verməlidir.
Partnyor təsdiq və bəyan edir ki, o bu Proqram Təminatını istifadə edərərk təsis olunduğu, vətəndaş olduğu və ya fəaliyyət göstərildiyi heç bir ölkədə vergi öhdəliklərini pozmur və burada qeyd olunan BakuPay-in xidmətləri hər hansı bir qanunsuz məqsəd üçün istifadə etməyəcək və Partnyor bununla əlaqədar olaraq BakuPay-i hər hansı bir məsuliyyətdən birmənalı olaraq azad edir.
Partnyor Proqram Təminatındakı Partnyor Hesabında Hesabata daxil olmaqla Müştərilərin Satış Nöqtəsində Proqram Təminatı vasitəsilə QR Kodu Cihaza oxutmaqla yerinə yetirdikləri əməliyyatların siyahısını görə bilərlər. Müştərilərin fərdi məlumatlarının qorunması məqsədilə, həmin əməliyyatlar barədə məlumatlar BakuPay tərəfindən adsızlaşdırılır.
Partnyor Hesabı yalnız BakuPay tərəfindən, Müqaviləyə müvafiq qaydada xitam verilməsindən sonra ləğv edilə bilər. Müqaviləyə uyğun olaraq, Müqavilənin ləğv edilməsindən sonra 5 (beş) iş günü ərzində BakuPay Partnyor Hesabını ləğv edir.
BakuPay aşağıdakı hallarda Müqavilə ləğv edilənədək Partnyor Hesabının istifadəsini dərhal dondura bilər:
Partnyor Proqram Təminatının düzgün işləməsinə xələl gətirdikdə və ya buna cəhd etdikdə.
Yuxarıda göstərilən hallar Müqaviləyə uyğun olaraq, Müqaviləyə xitam verilməsi üçün əsaslardır.